Mövzu : Qan damarlarının, limfa və immun sistemin fiziologiyası




Скачать 80.36 Kb.
НазваниеMövzu : Qan damarlarının, limfa və immun sistemin fiziologiyası
Дата конвертации07.06.2013
Размер80.36 Kb.
ТипДокументы
Mövzu : Qan damarlarının, limfa və immun sistemin fiziologiyası

Plan

  1. Qan damarlarında qanın axmasının fizioloji qanunauyğunluğu.

  2. Qan təzyiqi və onu təmin edən faktorlar.

  3. Qanın damarlarda axma sürəti.

  4. Kapillyar qan dövranı haqqında anlayış.

  5. Qan damarlarının fəaliyyətinin sinir-humoral tənzimi.

  6. Limfa, onun əmələ gəlməsi və limfa dövranı.

  7. İmmun sistemin fiziologiyası.


Orqanizmin və eləcə də onun hüceyrə və toxumalarının həyatı qanın damarlarda hərəkəti ilə əlaqədardır. Damarlarda qan hərəkəti ilə böyük və kiçik qan dövranlarından keçir. İnsan və ali heyvanlarda qan qapalı damar sistemində arteriyalardan, venalar istiqamətinə hərəkət edir. Qeyd etmək lazımdır ki, qan arteriyalar ilə ürəkdən üzvlərə, venalar ilə üzvlərdən ürəyə tərəf axır.

Ağciyər arteriyası ilə sağ mədəcikdən, ağciyərlərə venoz qan axır. Ağciyər venaları ilə arterial qan, ağciyərlərdən sol qulaqcığa axır. Ağciyər arteriyası yeganə arteriyadır ki, onunla venoz qan axır. Ağciyər venaları isə yeganə venalardır ki, onlarla arterial qan axır.

Qanın damarlarda hərəkətini öyrənən elm hemodinamika adlanır. Qan damarları borunu, qan isə mayeni xatırladır. Qanın damarlarda hərəkətinin qanunauyğunluğu fiziki qanunlara əsaslanır.

Ürək qanı damarlara fasiləli axın ilə verir, qan damarlarda fasiləsiz axır. Qanın damarlarda fasiləsiz axmasının səbəbi: - arteriyaların divarının elastik olması və arterial qanla venoz qanın təzyiqi arasındakı fərqdir.

Qan başqa mayelər kimi yüksək təzyiq olan yerdən, aşağı təzyiq olan yerə axır.

Qanın venalar ilə hərəkət etməsinə kömək edən əsas amil, onun ətrafında olan əzələlərin yığılmasıdır. Heyvanların hərəkət etməsi, işləməsi venalarda qanın hərəkətinə yaxşı təsir göstərir. Bu da öz növbəsində toxumaları venoz qan durğunluğundan qoruyur. Venalarda qanın ürəyə tərəf axma sürətinə, döş boşluğunun və ürəyin sorma funksiyası təsir göstərir.

Ürəyin işinə – döş boşluğu, qarın boşluğu, diafraqma, venoz damarlar və əzələlər öz ritmik funksiyaları zamanı kömək edir.

Qan damarlarının daxilindəki təzyiq qan təzyiqi adlanır. Qan təzyiqi əsas ürəyin işindən asılıdır. Ürəyin mədəciklərinin sistolası zamanı qan damarlara qovulduqda, təzyiq artıb ən yüksək dərəcəyə çatır. Təzyiqin yüksək dərəcəsi maksimal və ya sistolik təzyiq adlanır. Diastola zamanı təzyiq aşağı düşür, ən aşağı səviyyəyə çatır və bu təzyiq minimal və ya diastolik təzyiq adlanır. Qan təzyiqi ürək fəaliyyətinin, eləcə də ürək-damar sisteminin fizioloji vəziyyətinin vacib göstəricisidir.

İnəkdə quyruq arteriyasında sistolik təzyiq 98-128, diastolik təzyiq 69-99 mm. civə sütunu olur. Qoyunda bud arteyirasında sistolik təzyiq 151, diastolik təzyiq 114 mm.civə sütunu olur.

İnsanda 20-40 yaşda bazu arteriyasında sistolik təzyiq 110-120 mm.civə sütunu, diastolik təzyiq isə 70-80 mm.civə sütununa bərabərdir. Qocaldıqda qan təzyiqi yüksəlir, belə ki, insanda 60 yaşda sistolik təzyiq 135-140 mm.civə sütunu olur. Qan damarının mənfəzi daralanda qan təzyiqi artır. Qan təzyiqinin artması –hipertoniya, azalması –hipotoniya adlanır. İnsanda maksimal təzyiq 160, minimal təzyiq 100 mm.civə sütunu olarsa hipertoniya, maksimal təzyiq 100 mm. civə sütunu, minimal təzyiq 60 mm.civə sütunu olarsa – hipotoniya adlanır.

Qan təzyiqi ayrı-ayrı damarlarda müxtəlif olur. Arteriyalarda təzyiq yüksək, venalarda isə nisbətən aşağı olur. Qanın təzyiqi sinir-humoral sistem ilə tənzim olunur.

Qanın damarlarda axma sürəti, damarlarda təzyiqin müxtəlif olmasından və damarın mənfəzindən asılıdır. Aortada qanın axma sürəti saniyədə 400-500 mm, arteriyalarda isə saniyədə 200-250 mm olur. Kapilyarların ümumi mənfəzinin cəmi aortanın mənfəzindən 600-800 dəfə çoxdur. Kapilyarlarda qanın hərəkət sürəti saniyədə 0,5 mm olur.

Ürəyin hər sistolası zamanı qan damarlarının divarının ritmik dəyişilməsinə nəbz deyilir. Arteriya nəbzi nisbətən bədən səthinə yaxın, arteriyalarda müayinə edilir. Atlarda nəbz xarici çənə arteriyasında (arteriya maksillaris eksterna), iri buynuzlu heyvanlarda üz arteriyasında, xırda heyvanlarda bud və barmaq arteriyasında müayinə edilir. Atlarda, dəvələrdə və iri buynuzlu heyvanlarda nəbz quyruq arteriyasında daha yaxşı müayinə edilə bilir. Bu heyvanlarda quyruq arteriyasından qan təzyiqini də təyin etmək üçün istifadə olunur.

İnsanda nəbz biləkdə, mil arteriyasında müayinə edilir (gicgahda da müayinə etmək olar). Nəbz əhəmiyyətli dərəcədə ürəyin işini əks etdirir. Nəbzi müayinə etməklə ürəyin işi və bütün ürək-damar sisteminin vəziyyəti haqqında müəyyən nəticə əldə etmək olur. Nəbz (pulsus) – yunan sözü olub təkan deməkdir.

Nəbzi müayinə etdikdə onun bir dəqiqədəki sayına və ritminə fikir verilir. Bir dəqiqədəki nəbz vurğularının miqdarı, ürək yığılmalarının miqdarına müvafiqdir. Nəbz vurğularının bir dəqiqədəki miqdarı heyvanın növündən, cinsindən, fizioloji vəziyyətindən, yaşından və həmçinin heyvanı əhatə edən xarici mühitdən (temperatur, nəmlik, qorxu və sairə) asılıdır.

Qanın kapilyarlarda axma sürəti çox zəifdir (0,5 mm/saniyə). Bunun fizioloji əhəmiyyəti vardır. Belə ki, orqanizmdə qan ilə, hüceyrə və toxumalar arasında mübadilə prosesi kapilyarlarda gedir.

Qan axan kapilyarların miqdarı əzələnin funksional halından asılıdır. Sakit halda olan əzələdə kapilyarların ancaq bir hissəsi (insanda 2-10%) açıq olur. Bu zaman qan ancaq açıq kapilyarlarda axır. Qalan kapilyarlar isə bağlı olur. Əzələ yığılanda, vəz şirə ifraz edəndə, orqanda maddələr mübadiləsi sürətlənəndə, funksiyada olan kapilyarların miqdarı çoxalır.

Kənd təsərrüfatı heyvanlarında kapilyarların miqdarı milyardlarla olur. Hər bir kapilyarın uzunluğu 0,3-0,7 mm olur. Müxtəlif orqanlarda kapilyarların miqdarı, həcmi və forması müxtəlif olur. Bu orqanların quruluşu və funksiyası ilə əlaqədardır. Maddələr mübadiləsinin səviyyəsi yüksək olan orqanlarda kapilyarların miqdarı daha çox olur.

Müxtəlif orqanlarda kapilyarlarda təzyiq müxtəlif olur. Böyrək yumaqcıqlarının kapilyarlarında – 70 mm.civə sütunu, qaraciyərin kapilyarlarında – 6mm.civə sütunu, ağciyərlərin kapilyarlarında – 10 mm.civə sütunu, skelet əzələlərinin kapilyarlarında – 10-15mm.civə sütunu olur.

Dərinin, böyrəklərin, ağciyərlərin müəyyən sahələrində, eləcə də başqa orqanlarda arteriolalar, venalarla bilavasitə birləşir. Belə birləşmə arteriya-venoz anastomozlar adlanır.

Arteriya-venoz anastomozlar bütün orqanlarda müəyyən edilib. arteriyalarla venalar arasında ən qısa yoldur. Anastomozlar ümumi qan axınına təsir göstərərək, orqanlarda qan axınını dəyişdirir. Ümumi və yerli qan dövranını və qan təzyiqini tənzim edir. Qanın ürəyə tərəf axmasını sürətləndirir. Arteriya-venoz anastomozların fnuksiyasının pozulması kapilyar dövranda qan durğunluğuna səbəb olur.

Qan damarlarının fəaliyyəti sinir-humoral sistem ilə tənzim olunur. Qan damarlarının fəaliyyətinin tənzimi mərkəzi uzunsov beyində yerləşir və vazomotor mərkəz adlanır.

Limfa sisteminə: limfa kapilyarları, limfa damarları və limfa düyünləri aiddir. Bütün orqan və toxumalarda limfa damarları vardır. Limfa damarları vasitəsilə toxuma mayesi qana qayıdır. Limfa damarlarına daxil olmuş toxuma mayesi limfa adlanır. Ümumiyyətlə, limfa qandan əmələ gəlir, ona görə limfanın kimyəvi tərkibi, qanın kimyəvi tərkibinə yaxındır. Limfa sisteminin müxtəlif hissələrində limfanın tərkibi müxtəlif olur.

Limfa şəffaf, açıq sarımtıl mayedir. Qanın plazmasına nisbətən limfanın tərkibində zülalların miqdarı azdır. Limfanın reaksiyası qələvidir. Orqanlarda limfanın tərkibi həmin orqanın fizioloji vəziyyətindən asılıdır. Limfa-plazma və formalı elementlərdən ibarətdir. Limfanın formalı elementlərini əsas limfositlər və monositlər təşkil edir. Limfada az miqdar dənəli leykositlər olur, eritrositlər və trombositlər olmur.

Limfa zülalların toxuma arası boşluqlardan qana qayımasını təmin etməklə, suyun orqanizmdə yenidən paylanmasında iştirak edir. Limfa südün əmələ gəlməsində, həzm prosesində və maddələr mübadiləsində iştirak edir.

Limfanın əmələ gəlməsi su və suda həll olmuş maddələrin qan damarlarının kapilyarlarından toxumalara, sonra toxumalardan limfa kapilyarlarına keçməsi ilə əlaqədardır. Belə bir filtirasiyaya səbəb qan ilə toxuma mayesi arasındakı təzyiq fərqidir. Ümumiyyətlə, limfanın əmələ gəlməsinə qan ilə toxuma mayesinin osmotik və onkotik təzyiq fərqi də təsir göstərir. Toxuma mayesinin osmotik təzyiqinin artması limfanın əmələ gəlməsini sürətləndirir. Qan, limfa və toxuma mayesi orqanizmin daxili mühitini təşkil edir.

Toxuma arası boşluqdan limfa, limfa damarlarına daxil olur, sonra limfa düyünləri sistemindən keçərək, döş və boyun limfa axarlarına daxil olur, nəhayət boş venaya daxil olaraq ürəyin sağ qulaqcığında venoz qanla qarışır. Limfanın hərəkət mexanizmi, qanın venalarda hərəkət mexanizminə yaxındır. Limfa damarlarında qapaqların (klapan) olması, limfanın bir istiqamətdə hərəkətini təmin edir. Limfanın hərəkətinə əzələlərin yığılması, döş boşluğunun və ürəyin sorucu funksiyaları da təsir göstərir. Limfa dövranının mərkəzi uzunsov beyində yerləşir.

Limfa damarları boyunca limfa düyünləri yerləşir. Limfa düyünləri filtr vəzifəsini görür. Bakteriya və yad cisimləri özündən buraxmır. Bakteriyalar limfa düyünlərində faqositoza uğrayır. Buna görə də bəzi xəstəliklərdə limfa düyünləri böyüyür. Ümumiyyətlə, limfa düyünlərinin böyüməsi orqanizmdə patoloji prosesin olmasını göstərir. İnfeksion xəstəliklərin diaqnostikası üçün ət kombinatlarında limfa düyünləri müayinə edilir.

İmmun sistemin fəaliyyəti immuniteti təmin edir. immunitetdən bəhs edən elm immunologiya adlanır. İmmunitet orqanizmin yoluxucu xəstəliyə tutulmamaq qabiliyyətidir. Orqanizmin spesifik müdafiə reaksiyası hüceyrə və toxumaların immun sistemi vasitəsi ilə həyata keçirilir. İmmunologiya biologiya və tibbin ən tez inkişaf etmiş sahələrindən biridir.

Orqanizmin müdafiə qabiliyyətini immunokompotet hüceyrələr təmin etməklə, onlar mərkəzi və periferik immunitet orqanlarında olur. Mərkəzi orqanlara timus vəzi, sümük iliyi, tabritsus kisəsi (quşlarda), bağırsaqların limfoid toxumaları aiddir. Periferik orqanlara –limfa düyünləri, dalaq və müxtəlif orqanların limfoid hüceyrələri aiddir.

İmmun sistemin hüceyrə formasının əsasını limfositlər təşkil edir. limfositlər periferik limfoid orqanlarda əmələ gəlir və qan-limfa sisteminin damarları ilə qanın və limfanın tərkibində daim hərəkət edir.

Antigenə qarşı orqanizmin immun cavabının iki əsas tipi vardır. 1) humoral, 2)hüceyrə. Humoral cavab qanda dövran edən antitellərin əmələ gəlməsidir. Hüceyrəvi cavab isə xüsusi hüceyrələrin əmələ gəlməsidir. İmmun reaksiyada – B (humoral immunitetdə) və T (hüceyrə immunitetində) limfositlər iştirak edir.

Cavan yaşda timus vəzi çıxarılsa, hüceyrəvi immunitet pozulmaqla, antitellərin əmələ gəlməsi zəifləyir. Antitel mürəkkəb zülaldır (qlükoproteidlər).istiqanlılarda antigenə qarşı əmələ gəlir. Antitel humoral immunitetin əsas molekuludur. Antitel qan və limfa zərdabının γ-qlobulin fraksiyasında (dövran edən antitel), ağız südündə və selikli qişanın epitelisində, yəni hüceyrənin səthində əmələ gəlir. Antitel- immunoqlobulin adlanır və zərdab zülalının 1/5-ni təşkil edir. Antigen – orqanizmə parenteral yeridildikdə immunoloji reaksiya əmələ gətirir.

İnsanın qanında 5- müxtəlif sinif immunoqlobulin aşkar edilmişdir: LqA, LqD, LqE, LqÇ, LqM. Kənd təsərrüfatı heyvanlarının (iri buynuzlu heyvan, donuz, qoyun, keçi və at) qanında 3 –sinif immunoqlobulin aşkar edilib: LqÇ, LqA, LqM. Ağız südündə 3 –immunoqlobulin vardır. Ən çox LqÇ olur. Süddə LqA və LqM olur.

İmmunoloji yaddaş- immun sistemin ikinci və ya növbəti dəfə yeridilmiş antigenə spesifik cavabıdır. İmmun yaddaş- qısamüddətli, uzunmüddətli və həyat boyu ola bilər. Onun əsas daşıyıcısı uzunömürlü B-limfositlərdir.

İmmunologiyanın nailiyyətlərindən tibbidə, heyvandarlıqda və baytarlıqda geniş istifadə edilir.




Добавить документ в свой блог или на сайт

Похожие:

Mövzu : Qan damarlarının, limfa və immun sistemin fiziologiyası iconFənn: Baytarlıq mikrobiologiyası “Baytarlıq” ixtisası Mövzu

Mövzu : Qan damarlarının, limfa və immun sistemin fiziologiyası iconFənn: Baytarlıq mikrobiologiyası “Baytarlıq” ixtisası Mövzu

Mövzu : Qan damarlarının, limfa və immun sistemin fiziologiyası iconMövzu 23. Atom nüvəsi və elementar zərrəciklər fizikası. Atom nüvəsi

Разместите кнопку на своём сайте:
Библиотека


База данных защищена авторским правом ©kk.docdat.com 2013
обратиться к администрации
Библиотека
Главная страница